BAKI, 7 oktyabr. TELEQRAF
“Ermənistan perspektivdə həm Mehridə dəmir yolunun, həm də bu xəttin Qafana qədər davamının bərpasında maraqlıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O xatırladıb ki, sovet dövründə dəmir yolu məhz belə olub: İrəvandan və Yerasxdan Naxçıvan Muxtar Respublikasının ərazisindən keçməklə Mehriyə gedirdi, daha sonra isə Azərbaycandan Qafana bir dəmir yolu qolu ayrılırdı.
Baş nazirin fikrincə, bu, Azərbaycanla sülhün həm də sosial-psixoloji səviyyədə bərqərar olmasından sonra mümkün olacaq:
“Dəmir yolu hazırkı avtomobil yollarının yüklənməsini nəzərə alaraq, Zəngəzur və Qafan dağ-mədən zənginləşdirmə kombinatlarının fəaliyyəti üçün də vacibdir”.
Paşinyanın sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına dair Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış sazişlər əsasında daxili əlaqələr üçün sərhədi keçmək imkanları bərabər əsaslarla açılacaq: “Yəni Azərbaycan Sünik ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə əlaqə yaratmaq imkanı əldə edəcəyi kimi, Ermənistan da Naxçıvan ərazisindən keçməklə Ararat və Sünik vilayətləri arasında əlaqə yaratmaq imkanı əldə edəcək”.
O əlavə edib ki, Ermənistan hökuməti artıq Yerasxdan Naxçıvanla sərhədə qədər olan sərhəd dəmir yolu hissəsinin bərpası ilə bağlı tender elan edib.