BAKI, 13 mart. TELEQRAF

“Heç kim bu seçimdən qaça bilməyəcək: “Qarabağ hərəkatı”nı davam etdirsək, müharibəyə gedəcəyik, davam etdirməsək isə sülhə”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, sülh hər gün gücləndikcə Ermənistan da güclənəcək: “Mən məhz bu hərəkatın rəhbəriyəm, kim razıdırsa, mənim ardımca gəlsin”.

Nikol Paşinyan əlavə edib: “Biz “Artsax Respublikası”, “Qarabağ problemi” deyəndə başa düşməliyik ki, sözün dəyəri və nəticəsi var. Bu ifadələr istər kilsədə, istər elmi, istərsə də ictimai müstəvidə səsləndiriləndə elə bir variant yoxdur ki, müəyyən mərhələdə münaqişəyə gətirib çıxarmasın”.

O qeyd edib ki, bütün ermənilərin katolikos II Qaregin faktiki olaraq “müharibə partiyası”nın liderliyini üzərinə götürüb və keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan, Serj Sərkisyan və başqaları da bu məntiq çərçivəsində çıxış edirlər.

Paşinyanın fikrincə, Ermənistan cəmiyyəti bunları nəzərə alıb aydın seçim etməlidir:

“Əgər “Qarabağ hərəkatı”nı davam etdiririksə, bu, yeni müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə “Qarabağ hərəkatı”nı davam etdirib-etdirməyəcəyimizi bəyan etməlidir”.