BAKI, 10 fevral. TELEQRAF

Ermənistan Dövlət Gəlirləri Komitəsinin nümayəndələri mütəmadi olaraq Ermənistan-Türkiyə sərhədinə baş çəkir və “Marqara” nəzarət-buraxılış məntəqəsini (NBM) hər an işə düşmək üçün hazır vəziyyətdə saxlayırlar.

Teleqraf Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Komitə sədri Eduard Akopyan 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

E. Akopyan vurğulayıb ki, sərhədlərin açılacağı təqdirdə gömrük orqanları sərnişin və yük axınına ciddi nəzarət edəcək:

"Sərhəd açılarsa, komitə sərnişin və mal dövriyyəsini izləyəcək, zərurət yaranarsa, keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılması istiqamətində işlər aparacaq".

Türkiyə tərəfindəki hazırlıqlarla bağlı sualları cavablandıran komitə rəhbəri qarşı tərəfdə də fəallığın müşahidə edildiyini təsdiqləyib:

"Türkiyə tərəfində görülən işlərə gəlincə, biz orada müəyyən aktivlik görürük, lakin bu barədə məlumatımız sizin bildiyiniz qədərdir. Biz açılışla bağlı qərar verilən kimi fəaliyyətə başlamağa hazırıq".

Qeyd edək ki, son günlər Türkiyə KİV-ləri də sərhəddəki keçid məntəqəsinin açılışı üçün hazırlıq işlərinin gücləndirildiyi barədə məlumatlar yayıb. Ermənistan tərəfi isə artıq "Marqara" postunda infrastrukturun yenidən qurulmasını başa çatdırıb.