BAKI, 31 yanvar. TELEQRAF

“Robert Köçəryan iddia edir ki, ölkəni bu vəziyyətdən ondan yaxşı heç kim çıxara bilməz. Bu “yaxşı”nın nə olduğunu hamımız yaxşı anlayırıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Koncoryan deyib.

Deputat qeyd edib ki, Köçəryanın hakimiyyəti dövründə Ermənistanın milli sərvətləri israf edilib, dəyər-dəyməzinə Rusiyaya satılıb.

Koncoryan xatırladıb ki, dövlət əmlakları borc qarşılığında Rusiyaya verilib:

“Cəmi 95 milyon dollar borc qarşılığında Ermənistanın strateji obyektlərini Rusiyaya təhvil vermiş Robert Köçəryandan bu gün prokurorluq 200 milyon dollar məbləğində talan iddiası ilə tələb irəli sürür. İndi məhz bu Robert Köçəryan bəyan edir ki, ölkəni bu vəziyyətdən yalnız o çıxara bilər. Yəqin o, ölkəni elə bir vəziyyətə “çıxarmağı” nəzərdə tutur ki, orada Ermənistanın qalan strateji obyektlərini də yenidən və birdəfəlik xarici dövlətə versin, sonda Ermənistanın suverenliyi və dövlətçiliyini nimçədə təqdim etsin. Biz buna yol verməyəcəyik”.