BAKI, 22 yanvar. TELEQRAF
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır təşkilatı Ermənistanla sərhəd-keçid məntəqəsinin açılmasından sonra gözlənilən turizm axınına yönəlmiş hərtərəfli fəaliyyət planı hazırlayıb.
Teleqraf xəbər verir ki, plan İğdır Ticarət və Sənaye Palatasına (İTSP) təqdim olunub.
Bildirilib ki, bölgə iqtisadiyyatının canlandırılması baxımından strateji əhəmiyyət daşıyan Əlican sərhəd-keçid məntəqəsinin açılması prosesi ilə bağlı hesabat hazırlanıb. Hesabatda Ermənistandan gələcək turistlərin qəbulu, xidmət sektorunda standartların yüksəldilməsi və logistika infrastrukturunun hazırlanması məsələləri nəzərdən keçirilir.
İTSP sədri Kamil Arslan hesabatı müsbət qarşılayıb və palatanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib:
“Gələcək turistlər üçün bütün şəraitin yaradılması istiqamətində çalışacağıq. Xüsusilə məlumatlandırma tədbirlərini artıracağıq ki, sahibkarlarımız bu prosesə hazırlaşsın və müvafiq hazırlıq səviyyəsini nümayiş etdirsinlər”.