BAKI, 22 yanvar. TELEQRAF
“Azərbaycanın özü yollarını heç bir ön şərt olmadan açıb, amma bizim müxalifət deyir ki, aldadacaqlar, filan-filan edəcəklər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan deyib.
Deputat Azərbaycan və Ermənistanın qarşısına sülhü bərqərar etmək məqsədi qoyduğunu, müxalifətin isə bunun üzərindən manipulyasiya cəhdlərinin nəticə vermədiyini bildirib.
Melkonyan Rusiya-Ermənistan münasibətlərinə də diqqət çəkib:
“Rusiya Ermənistanda investisiya qoymaq istəmir, qoymayacaq da. Rusiya bizim son tikə çörəyimizi də aparmağa öyrəşib. Baş nazir Nikol Paşinyan çox düzgün siyasət aparır, Rusiyaya deyib ki, gəlin “Tramp Marşrutu” layihəsində iştirak edin. Biz artıq onlar üçün əvvəlki Ermənistan deyilik.
Lavrov hələ də düşünür ki, onun göstərişləri ilə burada vəzifələrə təyinatlar olmalıdır, gedib öz ölkəsi ilə məşğul olsun. Solovyov da əvvəlcə oğlunun harada olduğunu desin, İngiltərədə gizlədilir, qoy gətirib müharibəyə göndərsin, sonra danışsın. Rusiya hətta bizim kilsəni də qarışdırdı, amma yenə də nəticə çıxmadı”.
Melkonyan artıq keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dönəminin bitdiyini vurğulayıb:
“Rusiyapərəst keçmiş prezidentlər artıq Ermənistanda yenidən iqtidara gələ bilməyəcəklər, çünki xalq artıq 10 min drama səs vermir”.