BAKI, 19 yanvar. TELEQRAF

“Hazırda bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan Rusiya sərhədçilərinin Türkiyə ilə sərhəd-keçid məntəqəsindən çıxarılması və nəzarətin erməni tərəfinə verilməsi ilə bağlı yayılan məlumatlara istinadla deyib.

“Zərurət yarandığı halda, bu, birmənalı olacaq. Siz də bilirsiniz ki, Ermənistanın bütün sərhədləri boyunca nəzarəti özümüz həyata keçirməyə çalışırıq, tədricən sərhədlərimizə tam nəzarəti özümüz təmin edirik. Əlbəttə, bunu indiyədək bu xidməti həyata keçirmiş Rusiyanın müvafiq qurumlarına da təşəkkür edərək həyata keçirik. Hər şey “Zvartnots” hava limanında sərhəd nəzarətindən başlayıb.

Məlumdur ki, İranla sərhəddə böyük bir proses baş verdi, indi də işlər təbii olaraq davam edir, imkanlarımızı getdikcə artırır və inkişaf etdiririk”, - o jurnalistlərə bildirib.

Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması ehtimalına gəlincə, Vaaqn Aleksanyan qeyd edib: “Deyə bilmərəm ki, konkret olaraq həmin hissədə belə bir proses var, ya yox, amma bu barədə mütləq müvafiq açıqlama olacaq. Ümumiyyətlə hər bir dövlətin baxışı ondan ibarətdir ki, öz sərhədləri və gömrük məntəqələrinin mühafizəsini özü həyata keçirsin. Biz də bu baxımdan istisna deyilik və belə niyyətlərimiz var. Hazırda isə prosesin hansı mərhələdə olduğunu deyə bilmərəm, qeyd olunan keçid məntəqəsi (Axurik) ilə bağlı bu an əlimdə konkret məlumat yoxdur”.