BAKI, 29 dekabr. TELEQRAF

“İran öz münasibətlərini milli maraqlardan çıxış edərək tənzimləyir, Ermənistanla münasibətlər də bu baxımdan istisna deyil”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə Ermənistanla strateji tərəfdaşlıq sazişinin imzalanmasının mümkün olub-olmaması barədə sualı cavablandırarkən deyib.

“Ermənistanla münasibətlərimiz qarşılıqlı maraq, problem və ortaq cəhətlərin dəqiq anlaşılmasına əsaslanır. Bu ölkə ilə çox yaxşı münasibətlərə malikik, müxtəlif sahələrdə bu münasibətləri davam etdirməkdə qətiyyətliyik”, - o vurğulayıb.

Bəqayi qeyd edib ki, İran ölkələrin digər tərəflərlə münasibətlər qurmasına hörmətlə yanaşır, amma bunlar Tehranın maraqları və əlaqələrinə zərər vurmamalıdır:

“Digər ölkələrlə münasibətlərimiz qarşılıqlı maraqlar və problemlərin hərtərəfli təhlili əsasında formalaşır və Ermənistanla, eləcə də digər qonşu ölkələrlə əlaqələrimiz də məhz bu prinsip əsasında tənzimlənir”.