BAKI, 10 dekabr. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan-Avropa İttifaqı sənədinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) reaksiyasını şərh etməyə hazır olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

A. Simonyan qeyd edib ki, məsələ hələ həmkarları ilə müzakirə olunmadığından qiymətləndirmək istəmir:

"Hazırda bunu şərh etməyə hazır deyiləm. Əvvəlcə həmkarlarımla müzakirə aparmalıyam. Daha sonra XİN tərəfindən rəy veriləcək. Bunun nə vaxt olacağını bilmirəm, amma olacaq. Şəxsən mən indi bu barədə hər hansı şərh verməyə hazır deyiləm".

Parlament sədri həmçinin hesab etmir ki, həmin sənəd Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesini ləngidə bilər: "Bakı ilə bütün istiqamətlər üzrə danışıqlar davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfindən pozitiv yanaşma mövcuddur".

Xatırladaq ki, dekabrın 9-da Azərbaycan XİN-nin yaydığı açıqlamada Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) - Ermənistan Tərəfdaşlıq Şurasının VI iclasının yekununda imzalanmış "Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədində post-münaqişə dövrünün reallıqlarını təhrif edən və ümumilikdə Azərbaycan–Ermənistan sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsinin ciddi narahatlıq doğurduğu qeyd olunub.