BAKI, 7 dekabr. TELEQRAF

Ermənistanın Gümrü şəhərində sakinlər “Yeddi Yaralar” (Yot Verk) kilsəsinin bağlanmasına etiraz edərək ibadət məkanının qarşısına toplaşıblar. Etirazçılar kilsəyə girişin məhdudlaşdırılmasını hörmətsizlik adlandıraraq, bu addımı hökumətin və baş nazir Nikol Paşinyanın siyasəti ilə əlaqələndiriblər.

Teleqraf xəbər verir ki, hadisə ilə bağlı görüntülər və məlumatlar "Sputnik Armenia" tərəfindən yayımlanıb.

Toplaşan insanlar hökuməti kilsəyə qarşı hörmətsizlikdə ittiham ediblər. Etirazçılardan biri qışqıraraq bildirib:

"Türklər belə burada ayin keçirməyə icazə veriblər. Siz nə edirsiniz? Ayıbdır. Kim olur-olsun, belə münasibət olmaz. Ölkəni idarə edən buna necə icazə verə bilər? Qoy hamımızı həbs etsinlər, sonra nə olacaq?"

Məlumatlara görə, Ermənistanın baş naziri Nikol Paşinyan və bir sıra rəsmilər artıq kilsəyə gəliblər. Bildirilir ki, kilsə dünən axşam saatlarında Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin nəzarəti altında bağlanıb və insanların içəri daxil olmasına icazə verilməyib.

Bildirilib ki, Paşinyanın korteji kilsəyə çatıb və o, nümayəndə heyəti ilə birlikdə ibadət məkanına daxil olub.

Bu gün keçiriləcək ayini Yerevandan gələn Araratyan yeparxiyasının nümayəndəsi Ararat Ordoyan idarə edəcək. Şirak yeparxiyasının keşişləri isə katolikosun adının çəkilmədiyi ayini keçirməkdən imtina etdiklərini açıqlayıblar.

Bu qərar ruhanilər arasında yaranmış narazılığın daha da dərinləşdiyini göstərir.