BAKI, 4 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı yeni Konstitusiyanın qəbulu ilə bağlı danışıb.

Teleqraf xəbər verir ki, baş nazir yeni Konstitusiyanın mətninin ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

“Yeni Konstitusiya layihəsini Ermənistan xalqına təqdim etməyi planlaşdırırıq, o, (referendumla) qərar vermək imkanı əldə edəcək. Dəfələrlə qeyd etdiyim kimi, yeni Konstitusiyanı qəbul edərkən çox vacibdir ki, dövlətin inkişafı və davamlılığı gündəliyi nəzərə alınsın və diqqət mərkəzində saxlanılsın.

İstənilən Konstitusiya dövlətin inkişafını təmin etmək üçün uyğun, şərti desək, aerodinamikaya malik olmalıdır, bu, həyata keçirilməlidir”, - N.Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında müvafiq dəyişiklik sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasından gedir. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendumun 2026-cı ildə keçirilməsi planlaşdırılır.