BAKI, 25 noyabr. TELEQRAF
“Robert Köçəryan 1990-cı illərdə Qarabağdan Ermənistana kasıb gəlmişdi, amma burada prezident olarkən özünə böyük sərvət topladı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Alxas Qazaryan deyib.
Deputat qeyd edib ki, Robert Köçəryan İrəvana gələrkən Ermənistan vətəndaşlığı olmasa da, bir yolla ölkənin prezidenti olub.
Alxas Qazaryan bu və digər məsələlərlə bağlı Ermənistanın keçmiş prezidentinə bəzi suallar da ünvanlayıb:
“Mümkündürmü ki, Ermənistan vətəndaşlığı olmayan bir insan Mənzil-Kommunal Xidmətin arayışı ilə Ermənistan prezidenti olsun?
Mümkündürmü ki, bir insan Ermənistana kasıb gəlir, öz etirafına görə hətta İrəvanda bir evi də yoxdur, amma Mənzil-Kommunal Xidmətin arayışı ilə Ermənistan prezidenti olur və prezidentliyi bitdikdə, ailəsi ilə birlikdə İrəvanın mərkəzində ən böyük daşınmaz əmlak sahiblərindən və Ermənistanın ən zəngin insanlarından birinə çevrilir?
Mümkündürmü ki, (restoranda Robert Köçəryanı görərkən) “Privet, Rob” deyən bir vətəndaş bunu söylədiyi şəxsin mühafizəçiləri tərəfindən dəqiqələr içində öldürülsün?
Mümkündürmü ki, “27 oktyabr hadisəsi”nə (Ermənistan parlamentinin gülləbaran edilməsinə) yol verilsin, amma o, hələ də hakimiyyətin başında qalsın?
Mümkündürmü ki, 2008-ci ildə hakimiyyəti varisinə (Serj Sərkisyana) ötürmək üçün “1 mart” (dinc aksiya iştirakçılarının odlu silahlarla öldürülməsi) təşkil olunsun, nəticədə 10 günahsız insan güllələnir, amma əsas günahkarlar hələ də tam cəza almasın?”.