BAKI, 20 noyabr. TELEQRAF

“Qazaxıstanla Ermənistan arasında ikitərəfli əlaqələr son illər davamlı şəkildə inkişaf edir, iki ölkə arasında münasibətlər aktiv xarakter daşıyır”.

Teleqraf xəbər verir ki, bunu qazaxıstanlı politoloq Almat Toekin “Kazinform”a müsahibəsində deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 20-21-də rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir. Müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlər nadir hallarda baş tutub. Əgər 2024-cü ildə Qazaxıstan prezidenti Ermənistana rəsmi səfər edibsə, bu il Paşinyanın səfəri iki ölkə arasında dialoqu yeni səviyyəyə qaldıracaq”, - ekspert bildirib.

Toekinin sözlərinə görə, bu səfər regional tranzit və iqtisadi layihələrin həyata keçirilməsinə töhfə verəcək:

“Qazaxıstan tranzit imkanlarından səmərəli istifadə edir, Azərbaycan Ermənistana qarşı tranzit məhdudiyyətlərini aradan qaldırıb və ilk tranzit yük kimi Qazaxıstan buğdası bu yolla Ermənistana çatdırılıb. Həmçinin, yeni “İstanbul dəhlizi” (Zəngəzur dəhlizini nəzərdə tutur – red.) layihəsi reallaşarsa, Ermənistan tranzit ölkə kimi qazanc əldə edəcək, Qazaxıstan, Ermənistan və Türkiyə üçün iqtisadi səmərə verəcək”.

Qazaxıstanlı politoloq Nikol Paşinyanın bu dəhlizin açılmasında maraqlı olduğunu iddia edib:

“Bu tranzit marşrutları Qazaxıstan üçün çox vacibdir, çünki bu, Asiya ilə Avropanı birləşdirən əsas marşrut onun rolunu gücləndirə bilər. Başqa sözlə, bu səfər təkcə Qazaxıstan və Ermənistan arasında strateji dialoqu gücləndirməyəcək, həm də iqtisadi, tranzit və mədəni-humanitar əməkdaşlığı yeni səviyyəyə qaldırmağa imkan verəcək”.

Politoloq Zamir Qaracanovun fikrincə, Ermənistan Qazaxıstan üçün mühüm və yüksək potensiallı tərəfdaşdır.

Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət əsasən nəqliyyat, avtomobil və dəmir yolu əlaqələri vasitəsilə inkişaf edəcək:

“Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşmağa başlayan kimi Qazaxıstanla iqtisadi əməkdaşlıq imkanları da artacaq. Məsələn, Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdıqdan sonra Qazaxıstan üçün yeni ixrac bazarı açılıb. İlk tranzit yük Ermənistana çatdırılan Qazaxıstan buğdası oldu ki, bu da ölkəmiz üçün əlavə ixrac imkanıdır”.