BAKI, 4 noyabr. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son iclasında Gürcüstana qarşı qətnamənin lehinə səs veriblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib.
“Həmin qətnamədə Gürcüstan hökuməti “özünü elan etmiş” adlandırılıb”, - o deyib.
Kristine Vardanyan Ermənistan hökumətini Gürcüstanla münasibətləri korlamaqda ittiham edib.
Avronest Parlament Assambleyasının oktyabrın 31-də dərc etdiyi qətnamədə qeyd olunub ki, son dövrlərdə Gürcüstanda baş verən hadisələr demokratiyanın gerilədiyini göstərir. Sənəddə Gürcüstan hökumətinin seçkiləri saxtalaşdırdığı da iddia olunub. Avronestin son iclası oktyabrın 30-31 də İrəvanda keçirilib.
Xatırladaq ki, Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani noyabrın 3-də verdiyi bəyanatda Ermənistan deputatlarını ölkəsinə qarşı düşməncə davranmaqda günahlandırıb.
“Təəssüf ki, həmin sənədi dəstəkləyənlər arasında elə erməni deputatlar da var idi ki, onlar, əslində, öz baş nazirlərinə (Nikol Paşinyan) etimadsızlıq göstərmiş oldular. Çünki Ermənistan Baş naziri rəsmi səfərlərlə dəfələrlə Gürcüstanda olub və xalq tərəfindən seçilmiş hökumət nümayəndələri ilə görüşüb. İndi isə elə bir qətnaməni dəstəkləyirlər ki, orada Gürcüstan hökumətinin guya qeyri-legitimliyindən danışılır. Bu, əslində, onların öz baş nazirlərinə inamsızlıqdır. Bütün bu arqumentlər açıq şəkildə göstərir ki, bu, nə qədər mənasız və məzmundanuzaq sənəddir, onun məqsədi sadəcə Gürcüstana zərər vurmaqdır”, - Nino Tsilosani vurğulayıb.