BAKI, 16 oktyabr. TELEQRAF

“Nikol Paşinyan hökuməti Eçmiədzin kilsəsinə hücumdan əvvəl son hazırlıqlarını görür”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan oktyabrın 15-də kilsənin Araqatsotn yeparxiyasında aparılan axtarışları və həbsləri şərh edərkən deyib.

Onun sözlərinə görə, 13 din xadimi və 3 mülki şəxsin saxlanılması Eçmiədzinə qarşı kampaniyanın məntiqinə tam uyğun gəlir.

“Kilsə əleyhinə kampaniyaları kontekstində növbə ilə yeparxiyaları hədəfə alırlar”, - deputat bildirib.

Qeyd edək ki, oktyabrın 15-də Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyan da daxil olmaqla 13 din xadimi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Keşişlərə qarşı açılmış cinayət işi mitinqlərdə iştiraka məcburetmə ilə bağlıdır. Saxlanılanlardan üçü barəsində cinayət işi başlanıb və barələrində həbs qərarı verilib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə ermənilərin katolikosu II Qaregini könüllü olaraq istefa verməyə çağırıb. Baş nazir tərəfdarları ilə bu məqsədlə Eçmiədzində mitinq keçirəcəyini də bəyan edib.