BAKI, 9 avqust. TELEQRAF
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan və Ermənistan arasında sülh üçün birgə bəyannamənin imzalanmasını alqışlayıb və bu inkişafın davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Ağ Evdə birgə sülh bəyannaməsi imzalayıblar.
“Biz bu inkişafı alqışlayırıq və ümid edirik ki, bu, davamlı sülhə gətirib çıxaracaq”.
Yılmaz bildirib ki, sülhə nail olmaq təkcə iki ölkə üçün deyil, bütün Qafqaz regionu üçün sülh və firavanlıq deməkdir:
"Davamlı sülh ölkəmizin Qafqaz və əlaqəli regionlarla, xüsusilə də Mərkəzi Asiya ilə iqtisadi əlaqələrinə də öz töhfəsini verəcək. Ticarət və investisiyadan tutmuş turizm və enerji, logistika və infrastruktura qədər çoxsaylı sektorlarda yeni imkanlar yaranacaq. Ölkəmizin, Azərbaycan və Ermənistanın, eləcə də Şərqi Anadolu bölgəsinin inkişaf prosesinə də müsbət təsir göstərəcək. Cənab Paşinyan ölkəsi üçün sülhü müdafiə etdiyinə, müxtəlif seqmentlərin müxalifəti ilə üzləşdiyinə görə tərifə layiqdir. Bu məqama çatmaqda göstərdiyi liderliyə görə cənab İlham Əliyevə, çətin anlarda qardaş Azərbaycana göstərdiyi strateji dəstəyə görə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlığımızı bildiririk. Ədalətli sülhdən hamı faydalanacaq".