BAKI, 3 sentyabr. TELEQRAF

Hər bir ölkə üçün milli mina fəaliyyəti qanunvericiliyinin müəyyənləşdirilməsi və hazırlanması vacibdir. Buraya qanun, milli mina fəaliyyəti standartları, akkreditasiya qaydaları və digər mexanizmlər daxildir.

Teleqraf xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın Mina Fəaliyyəti Mərkəzinin Mina Fəaliyyəti Departamentinin rəhbəri Tarik Serak Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

O qeyd edib ki, potensialın gücləndirilməsi də çox vacibdir:

“Qeyd etdiyim kimi, 2002-ci ildə Bosniya və Herseqovinada 3 mindən çox minatəmizləyən var idi. Hazırda isə onların sayı 1 000-dən azdır. Bunun bir çox səbəbi var: maliyyə çatışmazlığı, COVID-19 pandemiyası və son 5–10 il ərzində baş verən digər amillər.

Maliyyə sabitliyi də olduqca vacibdir. Biz yeni qanun layihəsinə bir müddəa daxil etməyə çalışırıq. Həmin müddəaya əsasən, entitetlərin və dövlət büdcəsinin 0,2 faizinin minatəmizləmə işlərinə ayrılması nəzərdə tutulur.

Yerli icmalarla kommunikasiya da çox vacibdir, xüsusilə ərazilərin istifadəyə qaytarılması prosesində. Çünki yerli icmalardan əks əlaqə əldə etməsəniz və onlar gördüyünüz işdən razı qalmasalar, başladığınız iş üzrə qarşıya qoyduğunuz məqsədlərə nail ola bilməzsiniz.

Əlbəttə, Bosniya və Herseqovina kimi mina problemi ilə üzləşən hər bir ölkədə keyfiyyətə nəzarət, keyfiyyət təminatı və bütün digər müvafiq mexanizmlər çox güclü olmalıdır. Bütün prosedurlar diqqətlə izlənilməli, işlərin təhlükəsiz və ciddi şəkildə həyata keçirildiyinə əmin olunmalıdır”.