BAKI, 1 sentyabr. TELEQRAF
“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammiti ilə yanaşı, təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəli görüşləri də diqqət çəkir”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkekdə ilk görüşü öz aralarında keçirməsi iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyətdən irəli gəlir:
“Görüşdən sonra yayımlanan bəyanatın da əhəmiyyəti böyükdür. Həmin bəyanatda ölkələr arasında münasibətlərin ancaq pozitiv tərəfləri vurğulanıb. Bəyanatda dialoqun davam etdirilməsi və tərəflərin ticarət əlaqələrini genişləndirməsinin vacibliyi göstərilib.
İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü də Nikol Paşinyanla görüş qədər əhəmiyyətlidir. Çünki bölgədə müharibə atmosferi davam edir, elə Məsud Pezeşkian Bişkekə səfərə hazırlaraşkən, ABŞ İran ərazisinə zərbə endirib, Tehran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb.

İki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha xatırladıb. Öz növbəsində, İran Prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını söyləyib. Prezidentlər arasında sıx və səmimi dialoqla yanaşı, İrandakı mühafizəkar qüvvələrin də Azərbaycana qarşı siyasətlərini korrektə etmələri vacibdir. Təəssüf ki, bu istiqamətdə dəyişən heç nə yoxdur”.
Elxan Şahinoğlu xatırladıb ki, İlham Əliyevin Bişkekdə ilk gün ayaq üstü Rusiya Prezidenti Vladimir Putinlə görüşü də medianın diqqətini çəkib:
“İranda olduğu kimi, Rusiyada da şovinist qüvvələr anti-Azərbaycan siyasətlərini davam etdirirlər və Kreml bunun qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələri Kremlin təlimatıyla hərəkət edirlər”.
Ekspert qeyd edib ki, Bişkekdə Nikol Paşinyan da müxtəlif görüşlər keçirib:
“Paşinyan İlham Əliyevdən sonra İran Prezidenti və Hindistan Baş naziri Narendra Modi ilə görüşüb. Maraqlıdır ki, Paşinyan Modi ilə görüşdə müxtəlif mövzularla yanaşı, TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasına da toxunub. Bu layihə Orta dəhlizin tərkib hissəsi olmaqla Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına nəqlini nəzərdə tutur.
Hindistan da Cənubi Qafqaz ölkələrinin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Təsadüfi deyil ki, sammitin ikinci günü İlham Əliyevin Narendra Modi ilə görüşüb fikir mübadiləsi aparması da diqqətdən yayınmayıb. Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirməkdə, o cümlədən ölkəmizdən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır”.