BAKI, 1 sentyabr. TELEQRAF

“Son illərdə Ermənistan Gürcüstan, Çin, Qazaxıstan, ABŞ, Fransa, Niderland, Almaniya, Lüksemburq, Böyük Britaniya, Bolqarıstan, Xorvatiya, Litva və Avropa İttifaqı ilə strateji münasibətlər qurub. Hindistan və İranla münasibətlərimiz isə mahiyyət etibarilə strateji xarakter daşıyır. Hazırda onların rəsmiləşdirilməsi istiqamətində çalışırıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, Ermənistan çoxvektorlu və balanslı xarici siyasət yürüdür:

“Bu strategiyanı hazırlayarkən belə qənaətə gəldik ki, daim münaqişə şəraitində yaşayaraq suveren və müstəqil olmaq mümkün deyil. Bu baxımdan çoxqütblülük məhz yaşadığınız regionda özünü göstərməlidir. Məhz buna görə dost qonşularımız İran və Gürcüstanla münasibətlərimizi möhkəmləndirməklə yanaşı, digər iki qonşumuz - Türkiyə və Azərbaycanla da dövlətlərarası kommunikasiyalar qurmaq istiqamətində irəliləyirik. Bu proses ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması ilə daha da konkretləşdi”.