BAKI, 3 sentyabr. TELEQRAF

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının III turunda baş verən qayda pozuntuları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tur çərçivəsində baş verən müxtəlif intizam pozuntularına görə klublara ümumilikdə 18 700 manat cərimə kəsilib.

“Qəbələ” – “Şamaxı” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qəbələ” klubu 2500 manat məbləğində cərimələnib.

“Kəpəz” ümumilikdə 6200 manat cərimələnib. Buna səbəb komandanın 6 futbolçusunun sarı vərəqə alması (700 manat), azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi (3000 manat) və matç bitdikdən sonra meydançaya kənar şəxsin daxil olmasıdır (2500 manat).

“Neftçi” klubu cəmi 2500 manat cərimə olunub. Qarşılaşmanın 70-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə alan Elvin Bədəlov 1 oyunluq cəzalandırılıb (klub 500 manat cərimə olunub). Bundan əlavə, 80-ci dəqiqədə azarkeşlərin meydançaya kənar əşyalar atması nəticəsində paytaxt təmsilçisi əlavə 2000 manat cərimə edilib.

Azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Sumqayıt” klubu 5000 manat məbləğində cərimə olunub. Matçın 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Kadi Borqes isə 1 oyunu şərti olmaqla 3 oyunluq diskvalifikasiya edilib, Ağdam təmsilçisi 3000 manat cərimələnib (futbolçu üçün 6 ay sınaq müddəti təyin olunub).