BAKI, 3 sentyabr. TELEQRAF
Mina fəaliyyəti yalnız ərazilərin təmizlənməsinə deyil, həm də insanların təhlükəsiz qayıdışına, yenidənqurmaya, xidmətlərin bərpasına və dolanışığın təmin edilməsinə dəstək verməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Livanda Mina Fəaliyyəti Mərkəzinin logistika və inzibati bölməsinin rəhbəri Vacdi Vaber Hayder Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O qeyd edib ki, 2025-ci ilin sonuna qədər Livanda qeydə alınmış partlayıcı hərbi sursatla çirklənən ərazilərin 84,32%-i istifadəyə qaytarılıb:
“Bununla belə, 23,45 milyon kvadratmetrdən çox ərazi hələ də əlavə tədbirlər və yoxlama üçün qeydə alınıb.
Hazırda vəziyyət daha mürəkkəbdir, çünki əvvəlki dövrlərdən qalan çirklənməyə yeni hərbi əməliyyatlar, ərazilərə çıxış imkanlarının məhdudluğu və dağıntılarla bağlı risklər əlavə olunub.
Münaqişə nəticəsində yaranmış dağıntılar xüsusi əməliyyat çətinlikləri yaradır.
Livanın qarşısında duran əsas problemlər yeni çirklənmənin miqyası və qeyri-müəyyənliyi, şəhər dağıntıları və insanların sürətli qayıdışı ilə bağlı təzyiq, ixtisaslaşmış resursların məhdudluğu, eləcə də davamlı maliyyələşmə və milli potensialın gücləndirilməsidir”.