TBİLİSİ, 15 may. TELEQRAF

Gürcüstanda iki il səkkiz ay öncə - 2022-ci ilin sentyabrın 21-də 1986-cı il təvəllüdlü Aydın Həmzəyevi qətlə yetirmiş şəxs həbs edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxs qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən 1971-ci il təvəllüdlü M.A. adlı şəxs Kaxeti rayonunun kəndlərindən birində A.Həmzəyevi avtomat silahla bir neçə dəfə atəş açaraq ölümcül yaralayıb və hadisə yerindən qaçıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsi 15 ilədək müddətə həbs cəzası gözləyir.

Qeyd edək ki, A.Həmzəyev Saqareco rayonunun Keşəli kəndinin sakini olub. Bu günlərdə soydaşımızın ailə üzvləri və kənd sakinləri Gürcüstanın Baş Prokurorluğunun binası qarşısında qətlin üstünün açılması tələbi ilə aksiya keçiriblər. A.Həmzəyev ailəli olub, onun iki azyaşlı övladı qalıb.