TBİLİSİ, 14 may. TELEQRAF
Gürcüstanda 5 nəfər Türkiyə vətəndaşı saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, müxtəlif ağır cinayətlər törətdiklərinə görə axtarışda olan həmin şəxslər yük avtomobillərində gizlənərək sərhəd nəzarətindən yan ötərək Gürcüstan ərazisinə daxil olublar.
İstintaqla müəyyən edilib ki, əcnəbilər ağır cinayət törətmək məqsədilə Gürcüstan ərazisində qanunsuz olaraq odlu silah-sursat almağı planlaşdırıblar. Təqsirləndirilən şəxslərin maddi qazanc əldə etmək məqsədilə narkotik vasitələri sonradan satmaq üçün müxtəlif yollarla almağa cəhd etdikləri də müəyyən olunub.
Türkiyə vətəndaşlarının üzərilərinə, nəqliyyat vasitələri və müvəqqəti yaşayış yerlərinə baxış zamanı mobil telefonlar, elektron rabitə vasitələri, döyüş sursatı və külli miqdarda pul maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsləri altı ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.