TBİLİSİ, 17 aprel. TELEQRAF

“Gürcüstanda radikal təşkilatların məqsədyönlü və düşünülmüş şəkildə maliyyələşdirilməsi həyata keçirilir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili Fransa səfirliyinin “Sovet keçmişinin araşdırılması laboratoriyası” adlı QHT-yə qrant ayırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, radikal qruplaşmaların Gürcüstanda zorakılıq hərəkətlərinə görə məsuliyyəti Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri daşıyacaq.

“Gələcəkdə həmin təşkilatlar tərəfindən həyata keçiriləcək zorakılıq hərəkətlərini gördüyümüz zaman buna görə məsuliyyət daşıyan Fransa səfirini göstərə biləcəyik”, - L.Maxaşvili söyləyib.

Qeyd edək ki, ötən gün Gürcüstan parlamentində qrantların şəffaflığı ilə bağlı qanunun qəbulundan bir neçə saat öncə Fransa səfiri adıçəkilən QHT-yə maliyyə vəsaiti köçürüb.

Yeni qanuna əsasən, xarici mənbədən alınan hər hansı qrant üçün Gürcüstan hökumətinin və ya onun təyin etdiyi səlahiyyətli şəxsin və yaxud orqanının razılığı tələb olunacaq. Razılıq olmadan qrant qəbul etmək cinayət məsuliyyətinə səbəb olacaq.