
BAKI, 8 aprel. TELEQRAF
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bu qurumun rəhbəri Ararat Mirzoyanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) açıqlanmayan səfəri barədə məlumatı təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib.
Qurum rəsmisi deyib ki, Mirzoyanın bu yaxınlarda Dubaya (BƏƏ) açıqlanmayan səfər etməsi, orada azərbaycanlı həmkarı Ceyhun Bayramovla rəsmi və ya qeyri-rəsmi görüşməsi ilə bağlı Ermənistan mətbuatında yayılan iddia həqiqəti əks etdirmir.
Badalyan qeyd edib ki, Mirzoyan sadəcə martın 28-də Astana-Dubay-İrəvan reysi ilə Qazaxıstana rəsmi səfərindən qayıdıb:
“Həmçinin Dubayda heç bir ölkənin nümayəndəsi ilə rəsmi və ya qeyri-rəsmi görüş olmayıb”.
Xatırladaq ki, Ermənistan xarici işlər naziri martın 27-28-də Qazaxıstanda rəsmi səfərdə olub.