TBİLİSİ, 22 mart. TELEQRAF

Tbilisinin mərkəzində təşkil olunan “Novruz Festivalı” konsert proqramı ilə başa çatıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, proqramda “Ceyran”, “Buta”, “Pari” və “Melitassy” ansambllarının ifasında Azərbaycan və gürcü rəqsləri, aşıq və xalq mahnıları təqdim olunub.

Aşıq Nargilə Mehtiyeva və gürcü müğənni Dito Kisişvilinin duet şəklində oxuduqları “Bəri bax” mahnısı, Ramin Pirməmmədovun tarda ifaları alqışlarla qarşılanıb.

Proqramda Qazaxıstanın musiqi mədəniyyəti də yer alıb. Bu ölkəni təmsil edən müğənni Aynur Omarova xalq mahnıları, çalğı alətləri ansamblı isə Qazaxıstanın ənənəvi xalq musiqi aləti olan dombrada ifalarla çıxış ediblər.

Tbilisi sakinləri və şəhərdə turist səfərində olan əcnəbilər guşələrə yaxınlaşaraq Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və İranın mədəniyyəti ilə yaxından tanış ola, mətbəx nümunələrini dada biliblər.

Səhnədə quraşdırılmış böyük ekranda festivalın iştirakçı ölkələri haqqında tanıtım çarxları nümayiş etdirilib.

Tbilisidə havanın yağışlı və soyuq keçməsinə baxmayaraq, “Novruz Festivalı” iştirakçılara isti və xoş ovqat bəxş edib.

***

14:42

Tbilisinin mərkəzində keçirilən "Novruz Festivalı" davam edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tədbirə Tbilisi meri Kaxa Kaladze, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze də qatılıblar.

K.Kaladze Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, İran guşələrinə baş çəkib. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisi merinə Azərbaycan guşəsində sərgilənən nümunələr haqqında məlumat verib.

Mer və digər rəsmi şəxslər birgə bayram tonqalını alovlandırıblar. Rəsmi qonaqlar Azərbaycan çayına və şirniyyatlarına qonaq ediliblər.

K.Kaladze çıxış edərək Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Onun sözlərinə görə, Novruzun Tbilisidə ənənəvi olaraq qeyd olunması şəhərin zənginliyini əks etdirir. Mer Novruzu qeyd edənlərə sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.

Festivalın iştirakçı ölkələrinin səfirləri də çıxış edərək Novruzun Tbilisidə hər il təntənəli şəkildə qeyd olumasını yüksək qiymətləndiriblər, bayramı qeyd edən xalqları təbrik ediblər.

Bayram tədbiri konsert proqramı ilə davam edir.

***

12:40

Tbilisinin tarixi mərkəzində - Abanotubani (Hamamlar) məhəlləsində Novruz bayramına həsr olunan festival keçirilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tədbiri Tbilisi meriyası, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi birgə təşkil edib.

“Novruz Festivalı”na Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və İranın Gürcüstandakı səfirlikləri qatılıblar. Hər ölkə ayrıca guşədə özünəməxsus Novruz ənənələrini, mədəniyyətini və mətbəx nümunələrini nümayiş etdirir.

Tədbirə Gürcüstanın rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri də qatılacaqlar. Festival çərçivəsində rəqslər və mahnılardan ibarət konsert proqramı təqdim olunacaq.

Bayram tədbiri saat 18:00-dək davam edəcək.