TBİLİSİ, 21 mart. TELEQRAF

“Şadam ki, ənənlərin, müxtəlifliyin və bayramların mühüm əhəmiyyət daşıdığı ölkədə yaşayırıq”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Marneulidə Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, gürcülər və azərbaycanlıların birgəyaşayışı əsrlərə söykənir.

“Xalqlarımız arasında olan qarşılıqlı hörmət daha da möhkəmlənəcək. Hər birinizi bayram münasibətilə təbrik edirəm və söz verirəm ki, ölkəmizin qüvvətləndirilməsi üçün hər birinizin yanında duracağam”, - M.Kavelaşvili söyləyib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də çıxış edərək soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib:

“Çoxmillətli dövlətimizin hər bir vətəndaşını təbrik edirəm. Novruz bayramı yalnız mədəni ənənələr baxımından deyil, müxtəlif din və xalqların nümayəndələrini bir araya gətirən gün olduğu üçün cəmiyyətimiz üçün mühüm əhəmiyyətə malikdir”, - spiker deyib.