
TBİLİSİ, 21 mart. TELEQRAF
“Bizi - xristianları və müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayışla və dostluqla fəxr edirik. Bu, həqiqətən də qürurverici münasibət və dostluqdur”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Marneulidə Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, Novruzun yenilənmə və xeyirxahlıq bayramı olduğunu bildirib.
“Bayramı sizinlə birgə qeyd etməkdən şadam. Uzun illər boyu ümumi ölkəmizin gələcəyini birgə qururuq. Bu tarix bu gün də davam edir. Dostluq bizim ümumi ənənəmizdir və bunu övladlarımıza və gələcək nəsillərimizə ötürməliyik”, - İ.Kobaxidze söyləyib.
Hökumət başçısı soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib, onlara sülh və firəvanlıq diləyib.