
TBİLİSİ, 12 mart. TELEQRAF
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təqribən 9 milyon larinin (3,2 mln. ABŞ dollarından çox) israf edilməsi işi üzrə proses başa çatıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, məhkəmənin qərarı ilə eks-prezident 9 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə ittiham olunan digər şəxs — M.Saakaşvilinin mühafizə xidmətinin keçmiş rəisi Teymuraz Canaşiya isə 300 min lari məbləğində cərimələnib.
Qeyd edək ki, sabiq prezidentə dövlət vəsaitlərinin israf olunması ittihamı 2014-cü ildə irəli sürülüb. İttihama əsasən, külli miqdarda büdcə vəsaitləri 2009-2012-ci illərdə M.Saakaşvilinin şəxsi ehtiyacları üçün xərclənib.
Xatırladaq ki, M.Saakaşvili ilə bağlı digər cinayət işləri üzrə məhkəmə prosesləri davam edir. 2021-ci ilin oktyabrında Gürcüstana gizli yolla qayıdan eks-prezidentə yeni — sərhədi qanunsuz keçmə ittihamı irəli sürülüb. O, 2022-ci ilin mayında sağlamlıq durumunun ağırlaşması səbəbindən Tbilisidəki “Vivamed” klinikasına yerləşdirilib.