TBİLİSİ, 7 mart. TELEQRAF

Aşqabadda Gürcüstan və Türkmənistanın xarici işlər nazirləri Maka Boçorişvili və Rəşid Meredov arasında görüş keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər Gürcüstan və Türkmənistan arasında əməkdaşlığın cari məsələlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat və enerji sektorlarında əldə olunan nailiyyətlər, tərəfdaşlığın inkişaf perspektivləri də nəzərdən keçirilib.

Görüşdə “Qara dəniz-Xəzər dənizi” nəqliyyat-tranzit layihəsi də vurğulanıb. Söhbət zamanı Qara dəniz sualtı kabel layihəsinə də toxunulub. M.Boçorişvilinin sözlərinə görə, Gürcüstan bu layihədə çox mühüm strateji rola malik olacaq.
Tərəflər regional sülh və sabitliyin vacibliyini, iki ölkə arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın, eləcə də çoxillik münasibətlərin dostluq xarakterini vurğulayılar.
Görüşün sonunda Gürcüstan və Türkmənistan XİN-ləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.