TBİLİSİ, 7 mart. TELEQRAF

Türkmənistanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkənin prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstan və Türkmənistan arasında dostluq münasibətləri, müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası qeyd edilib.

İ.Kobaxidze Gürcüstanın tranzit funksiyasının daha da gücləndirilməsi məqsədini daşıyan nəqliyyat və logistika layihələrindən danışıb. Görüşdə həmçinin nəqliyyat və enerji sahələrində əməkdaşlığın gələcək inkişaf perspektivlərinin də müzakirəsi aparılıb.
Tbilisinin Türkmənistanın Mərkəzi Asiyada sülhün təmin edilməsinə yönəlmiş fəal səylərini alqışladığını qeyd edən baş nazir Gürcüstan hökumətinin sülh siyasətindən danışıb.

İ.Kobaxidze Sərdar Berdiməhəmmədovu Gürcüstana rəsmi səfərə dəvət edib.