BAKI, 22 aprel. TELEQRAF
2025-ci ildə Azərbaycandan İrlandiyaya 532 min ton xam neft təchiz edilib.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə qeyd edilib.
Azərbaycanla İrlandiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub. Enerji sahəsində mövcud qlobal çağırışlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sabit və etibarlı enerji təchizatçısı kimi verdiyi töhfələr qeyd olunub.
İrlandiya nümayəndə heyəti ölkələrinin enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdıraraq, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
İclas zamanı mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, həmçinin İrlandiya şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrinə, o cümlədən istehsal və ötürmə sahələrinə investisiya yatırmağa dəvət olunub.
Söhbət zamanı İrlandiya tərəfinin “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə də toxunulub.