BAKI, 22 aprel. TELEQRAF
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Avropa İttifaqının (Aİ) ölkəsinə göndərəcəyi yeni mülki missiyanın iyunun 7-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar olmadığını iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Artıq Xarici İşlər Nazirliyi dünən bu mövzu barədə açıqlama verib. Bunun seçkiqabağı dövrlə heç bir əlaqəsi yoxdur, çünki onlar burada 2 il müddətinə yerləşdiriləcəklər.
Məqsəd hibrid təhdidlərə qarşı mübarizə də daxil olmaqla, informasiya dayanıqlığını artırmaqdır”, - Baqdasaryan vurğulayıb.
Xatırladaq ki, Aİ Xarici İşlər Şurası aprelin 21-də Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə verib.
Məlumata görə, missiya İrəvana seçki prosesinə qarşı (Rusiyadan) xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək. Missiya yaxın aylarda fəaliyyətə başlayacaq, 2 illik mandata malik olacaq və “Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası” (EUPM Armenia) adlandırılacaq.
Qərara əsasən, EUPM Aİ-nin Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi Aİ missiyasını (EUMA) əvəz edəcək.
EUMA-nın dörd illik mandatı 2027-ci ilin əvvəlində başa çatır.
Yeni missiyada əsasən paytaxtda Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndənin olması gözlənilir.