
TBİLİSİ, 24 fevral. TELEQRAF
“Gürcüstan üzərindən yük daşımalarının artması Orta Dəhliz haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, infrastruktur və nəqliyyat əməliyyatlarının təkmilləşdirilməsi hesabına baş verib”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili deyib.
Onun sözlərinə görə, yük sahiblərinin marşrutların şaxələndirilməsinə marağı artmaqdadır və Orta Dəhliz bunun üçün yaxşı yoldur.
“Son illərdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində atılan addımları da qeyd etmək lazımdır. Bu addımlar öz əksini həm infrastrukturun, həm nəqliyyat əməliyyatlarının, həm də tarif siyasətinin təkmilləşdirilməsində tapıb ki, bu da əlavə yüklərin cəlb edilməsinə töhfə verib”, - deyə Quram Quramişvili vurğulayıb.
Qeyd edək ki, “Gürcüstan Dəmir Yolları” SC-nin bu gün dərc etdiyi statistik məlumata əsasən, şirkətin yük daşımalarının tempi rekord səviyyədə artıb. 2025-ci ilin yanvar ayında şirkət 1 milyon 123 min ton yük daşıyıb ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur. Yük daşımalarından əldə olunan gəlir illik müqayisədə 30%, konteyner daşımalarından götürülən gəlir isə 37% artıb. Neft məhsullarının daşınmasında 21%, kimyəvi məhsulların daşınmasında 35%, quru yüklərin daşınmasında isə 70% artım qeydə alınıb.