TBİLİSİ, 23 fevral. TELEQRAF

“Biz ABŞ ilə münasibətlərə yalnız yenidən başlamaq deyil, strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını istəyirik”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, Gürcüstan hökumətinin ABŞ administrasiyasına açıq təklifidir.

“Biz anlayırıq ki, Tramp administrasiyası bu gün bir sıra məsələlərin həlli ilə məşğuldur. Buna görə də hazırkı mərhələdə Gürcüstan üçün kifayət qədər vaxt olmaya bilər, amma hesab edirəm ki, müəyyən mərhələdə Tramp administrasiyasının Gürcüstan-ABŞ münasibətlərinə ciddi maraq göstərəcəyi vaxt mütləq yetişəcək. “Dərin dövlət”i məğlub etməkdən də çox şey asılı olacaq. Trampın “dərin dövlət”i məğlub edəcəyi halda Gürcüstanla ABŞ arasında münasibətlərə yenidən başlanılacaq”, - İ.Kobaxdze söyləyib.

Xatırladaq ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb.