
TBİLİSİ, 20 fevral. TELEQRAF
“Hazırkı mərhələdə Gürcüstanın “3+3” formatında iştirakı nə siyasi, nə də iqtisadi cəhətdən əsaslandırılıb”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski deyib.
O, gələcək perspektivdə Gürcüstanın bu format çərçivəsində əməkdaşlığının mümkün olacağını istisna etməyib.
G.Volskinin sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyası Rusiya rəhbərliyinin bu format barədə çoxsaylı bəyanatlarına baxmayaraq, düzgün siyasət seçdi və ölkədə sabitliyi qoruyub saxladı.
“3+3” formatı yaranan kimi Gürcüstanın da bu formata bu gün ya sabah qoşulacağı barədə çox danışıldı. Bu məsələ hələ o səviyyəyə qaldırılmayıb ki, Gürcüstan həm siyasi, həm də iqtisadi cəhətdən iştirakda maraqlı olsun. Gürcüstanın gələcək mövqeyini dünyada gedən proseslər müəyyən edəcək”, - vitse-spiker söyləyib.
Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan üçün “3+3” formatının qapılarının açıq olduğunu bildirib.