BAKI, 20 fevral. TELEQRAF

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin sabiq prezident Serj Sərkisyanın rəhbəri olduğu Respublika Partiyasının ofisində olub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.

“Bizdə olan məlumata görə, bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin avtomobili iki saata yaxın Respublika Partiyasının ofisinin qarşısında dayanıb. Amma məsələ ilə bağlı nə səfirlik, nə də partiyanın rəsmi saytlarında bununla bağlı məlumat yerləşdirilib. “Past” səfirin partiya ofisinə nə üçün baş çəkdiyini öyrənməyə çalışsa da, qurum üzvlərindən ziyarətin məqsədini dəqiqləşdirə bilmədik”, - məlumatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya səfiri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.

Rusiyalı diplomatın Ermənistanın radikal müxalifət qüvvələri ilə silsilə görüşlərə başlamasının səbəbləri barədə dövlət mediası hələlik heç nə yazmır. Amma müxalif "Hraparak" qəzeti bu fonda iddia edir ki, müxalifət qüvvələri ölkədə mümkün hakimiyyət dəyişikliyi ilə bağlı Rusiyadan siqnal alıblar: "Ermənistanda müxalifət meydanı hakimiyyətə qarşı döyüşə hazır vəziyyətə gətirilib".