
Bu il qış mövsümünün sərt keçməsi Astara rayonundakı sitrus bağlarına ciddi ziyan vurub. Xüsusilə limon ağaclarına şaxta mənfi təsir göstərib. Fermerlərin bildirdiyinə görə, ağaclarda qalan meyvələr çürüyüb, yarpaqlar saralıb, bəzi ağaclar isə tamamilə quruyub. Nəticədə təsərrüfat sahiblərinə orta hesabla 4-5 min manat ziyan dəyib.
Teleqraf-ın cənub bürosunun xəbərinə görə, fermerlər qeyd edirlər ki, vaxtında ağaclarını sığortalasaydılar, bu gün belə bir problem yaşamazdılar.
Lakin sığorta olmadığından onlar məcbur qalıb, şaxta vuran ağacları kəsərək yerində yenilərini əkirlər. Təzə əkilən ağaclardan isə məhsul götürmək üçün ən azı 2-3 il gözləmək lazım gələcək.
Fermer Zəbiəli Əliyev bildirir ki, indiyə qədər belə sərt qışla rastlaşmayıb:
"71 yaşım var, indiyə qədər belə şaxta görməmişəm. Hər il bağlarımızı qorumağa çalışırıq, lakin bu dəfəki soyuqlar meyvələri məhv etdi. Əvvəllər ildə 10-15 min, hətta 20 min manatlıq limon satırdım, bu il isə tamamilə ziyana düşmüşəm. Bağımda 12 ağac kəsmişəm. Hər biri orta hesabla 800 kiloqram limon verirdi. Ən aşağı qiymətlə hesablasaq, 4-5 min manat zərərim var. Əgər sığorta olsaydı, bu ziyanı dövlət qarşılayardı".
Bioloq Yunus Qulamov isə bildirir ki, şaxtaların fəsadları əsasən yanvardan sonra bitkilərdə şirə hərəkəti başlayandan sonra özünü göstərir. Bu dönəmdə düşən şaxtalar ağaclara daha çox zərər vurur. İki həftə əvvəl yağan qar Astara rayonundakı əksər limon bağlarına mənfi təsir göstərilib. Bölgədəki kiçik təsərrüfatlara 1000-5000 manat, daha iri təsərrüfatlara isə 10 min manatadək ziyan dəyib.
Məsələ ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Etibar Abbasov bildirib ki, fermerlərə sığorta məsələsi ilə bağlı dəfələrlə maarifləndirici məlumatlar verilib.
"Şaxta və donvurmaya qarşı fermerlərə tövsiyə etmişik ki, sığorta müqavilələri bağlasınlar. Lakin sığorta könüllü olduğuna görə, əksər fermerlər bundan istifadə etməyib. Nazirlik olaraq biz donvurma ilə bağlı hər hansı bir maddi dəstək nəzərdə tutmamışıq. Buna görə də fermerlərin gələcəkdə belə hallarla üzləşməməsi üçün sığorta müqavilələri bağlamaları vacibdir" – deyə o bildirib.
Qeyd edək ki, Astara rayonunda ümumilikdə 4563 hektar sitrus bağı mövcuddur. Bu bağların əksəriyyəti 2018-ci ildən salınıb və fermerlər dövlət tərəfindən birdəfəlik subsidiya ilə təmin olunub.
Son illər dövlət dəstəyi ilə sitrus bağlarının sahəsi 2200 hektardan 4563 hektara çatdırılıb.