
CƏLİLABAD, 23 fevral. TELEQRAF
Cəlilabad-Yardımlı istiqamətində olan kəndlərdə qarın hündürlüyü 40 sm-ə çatıb.
Teleqraf-ın cənub bürosu bildirir ki, sözügedən yolla əlaqədar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Əhalinin sözlərinə görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb. Cəlilabad rayon icra başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyevin verdiyi məlumata görə, 3 gündür aramsız yağan qarın hərəkət çətinliyi yaratdığı yolda qar təmizləyən texnika və işçi qüvvəsi səhər saatlarından başlayaraq yolun açılmasını həyata keçirirlər.
Qeyd edək ki, bölgədə qarın yağması fasilələrlə davam edir. Ən çox qar ucqar dağ kəndlərinə yağıb, burada qarın hündürlüyü 30-40 santimetrə çatır. Sinoptiklər gün ərzində yağıntının davam edəcəyini və bəzi yerlərdə intensivləşəcəyini bildirir.