BAKI, 25 avqust. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələrinin dron hücumu nəticəsində Rusiyanın Krasnodar vilayətində yerləşən “Afipski” neft emalı zavodunda yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumatını yayıb.
Krasnodarın qubernatoru Veniamin Kondratyev neft emalı zavodunun yerləşdiyi Afipski qəsəbəsinə dron hücumu edildiyini bildirib. Zavod daha əvvəl də dəfələrlə dron hücumlarına məruz qalıb.
Kondratyev deyib: “Afipski qəsəbəsində ən azı 10 fərdi yaşayış evi zədələnib. Onlardan birində yanğın başlayıb. Neft emalı müəssisəsinin ərazisində də yanğın baş verib”.
Afipski dəmir yolu stansiyasının ərazisinə də dron düşüb. Qubernatorun iddiasına görə, iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.
“Afipski” Rusiyanın cənubundakı ən böyük neft emalı müəssisələrindən biridir. Zavod ildə 6,25 milyon ton neft emal edir. Müəssisədə dizel yanacağı, benzin, mazut və Rusiya iqtisadiyyatının və hərbi logistikasının təminatında istifadə olunan digər neft məhsulları istehsal olunur.