BAKI, 22 avqust. TELEQRAF
Vatikan Romanın yaxınlığında təxminən 100 milyon avro dəyərində iri aqrovoltaik elektrik stansiyası tikməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” layihə ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, layihə Müqəddəs Taxt-Tacın tamamilə bərpa olunan enerjiyə keçməsinə imkan verəcək.
Stansiyanın gücü 80-90 MVt təşkil edəcək ki, bu da onu İtaliyada bu tip ən iri qurğulardan birinə çevirəcək. Günəş panelləri yerdən bir neçə metr yüksəklikdə yerləşdiriləcək və onların altında kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi mümkün olacaq. Panellərin yaratdığı kölgə suyun buxarlanmasını azaltmağa və bitkiləri ekstremal hava şəraitindən qorumağa kömək edəcək.
Stansiyanın Romanın şimal-qərbində, Vatikana məxsus təxminən 450 hektar ərazisi olan Santa-Mariya-di-Qaleriya sahəsində yerləşdirilməsi planlaşdırılır. Ərazinin təxminən 200 hektarında, yəni demək olar ki, yarısında hərəkətli günəş panellərinin quraşdırılması nəzərdə tutulur.
Layihənin lazımi icazələrin alınması da daxil olmaqla 18-24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. İstehsal olunan elektrik enerjisindən Vatikan Radiosunun yayım mərkəzinin, həmçinin Müqəddəs Taxt-Tacla əlaqəli digər obyektlərin, o cümlədən Romadakı Bambino Cesù xəstəxanasının fəaliyyətinin təmin edilməsi üçün istifadə olunacaq. Elektrik enerjisinin artıqlığının isə İtaliyaya ötürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Papa Fransiskin prioritetlərindən biri olub və onun varisi Papa XIV Lev tərəfindən də dəstəklənib. Daha əvvəl İtaliya və Vatikan layihəyə xüsusi status verilməsini, o cümlədən bəzi vergilərdən və dövlət rüsumlarından azad edilməsini nəzərdə tutan saziş imzalayıb.