BAKI, 22 avqust. TELEQRAF

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzzada hər gün 30-40 mülki şəxsin məqsədli şəkildə öldürülməsi yönündə çağırışından sonra Avropa İttifaqı İsrailə qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Neue Berliner Redaktionsgesellschaft” media qrupuna müsahibəsində deyib.

“Avropa İttifaqı artıq İsrailin məskunlaşma siyasəti ilə məşğul olan təşkilatlara qarşı sanksiyalar tətbiq edib. Biz onları dəstəkləyirik”, – deyə o bildirib.

“Biz bu səviyyədə yeni tədbirləri, xüsusilə də nazir Ben-Qvirlə bağlı məsələləri müzakirə edəcəyik”, – Vadeful qeyd edib.

Qeyd edək ki, Ben-Qvir Qəzza zolağında radikallar tərəfindən iki ildən çox saxlanılan keçmiş girov Rom Braslavskiyə müsahibəsində İsrailin hər gecə Qəzzada 30-40 sakini öldürməli olduğunu deyib. O, yalnız birbaşa təhlükə yaradan şəxslərin deyil, “yaşamağa layiq olmayan” insanların da öldürülməli olduğunu bildirib.