BAKI, 22 avqust. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohann Vadeful gələn həftə ABŞ dövlət katibi Marko Rubio ilə görüşü zamanı Ukraynada sülhə nail olmaq üçün diplomatik səyləri müzakirə etməyi planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, Vadeful bu barədə Kiyevə səfəri zamanı deyib.

“ABŞ-nin Ukrayna ilə danışıqlarda fəal rol oynamağa davam edəcəyinə ümid edirəm”, - deyə Almaniyanın XİN rəhbəri qeyd edib.

Vadeful vurğulayıb ki, Almaniya, Fransa və Böyük Britaniya bu çərçivədə çox sıx əməkdaşlıq edəcəklər.

“Düşünürəm ki, qeyri-ənənəvi yanaşmalara hazır olmalıyıq. Danışıqlara başlamaq üçün bütün mümkün yolları sınamalıyıq. Hazırda buna mane olan Moskva tərəfidir”, – o əlavə edib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri müdafiə sahəsində əməkdaşlıq və qış mövsümünə hazırlıq məsələlərini müzakirə etmək üçün bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edib.