BAKI, 22 avqust. TELEQRAF
Macarıstan müxalifəti hökuməti avqustun 20-də qeyd olunan əsas milli bayram – Müqəddəs İştvan Günü münasibətilə keçirilən tədbirlərin təşkili üzrə dövlət sifarişlərinin qanunsuz şəkildə bölüşdürülməsində ittiham edib.
Teleqraf xəbər verir ki, “FIDES – Macarıstan Vətəndaş Birliyi” və “Bizim Vətənimiz” partiyalarının bildirdiyinə görə, hakim “Tisa” partiyası ilə əlaqəli “Hardrock” şirkətinə 4 milyard forint (11 milyon avro) məbləğində müqavilə saxta müsabiqənin nəticəsi əsasında verilib.
“FIDES” parlament fraksiyasının Budapeştdə yaydığı bəyanatda qeyd olunub ki, hökumət saxta dövlət satınalma proseduru keçirib və əvvəlcədən müəyyən edilmiş qalib tender rəsmi elan olunmazdan əvvəl də müqavilənin detalları ilə bağlı müzakirələr aparıb.
Fraksiyanın məlumatına görə, daha əvvəl də “Tisa” partiyası üçün tədbirlər təşkil edən “Hardrock” şirkəti müsabiqə keçirilmədən, rəsmi müqavilə imzalanmadan bayram tədbirlərinə hazırlığa başlayıb.
Keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “FIDES” fraksiyasından bildirilib ki, dövlət sifarişlərinin bölüşdürülməsində korrupsiya ehtimalı ilə bağlı araşdırma aparılması tələbi ilə müvafiq orqanlara müraciət edəcək.