BAKI, 15 oktyabr. TELEQRAF
ABŞ Silahlı Qüvvələri Oman körfəzində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu bildirilən kiçik gəmini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, əməliyyat oktyabrın 6-da həyata keçirilib.
“ABŞ qüvvələri oktyabrın 6-da Oman körfəzində Amerika hərbi gəmilərini izləyən və onların koordinatlarını müəyyənləşdirən İranla əlaqəli kiçik gəmini məhv edib”, – açıqlamada bildirilib.
CENTCOM “X” sosial şəbəkəsində əməliyyatın videogörüntülərini də yayımlayıb. Kadrlarda gəminin iki helikopterdən endirilən raket zərbəsi nəticəsində məhv edildiyi göstərilir.
ABŞ tərəfinin məlumatına əsasən, zərbədən əvvəl gəminin heyət üzvləri təhlükəsiz şəkildə təxliyə edilib. Onların ölkələrinə qaytarılması istiqamətində işlər davam etdirilir.
Pentaqon iddia edib ki, SEPAH son yeddi ay ərzində regionun dəniz yollarından istifadə edən minlərlə mülki dənizçini, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini hədəfə alıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra regionda gərginlik artıb. İyunda Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, iyulun 8-də ABŞ İran ərazisinə genişmiqyaslı zərbələri bərpa edib.
Vaşinqton bunu İranın Hörmüz boğazı ilə bağlı razılaşma şərtlərini pozması ilə əsaslandırıb.
Daha sonra ABŞ administrasiyası genişmiqyaslı hərbi əməliyyatlardan sanksiyalar vasitəsilə iqtisadi təzyiq siyasətinə keçdiyinə dair siqnallar verib.