BAKI, 14 oktyabr. TELEQRAF

Yəmən üsyançı hərəkatı Husilər ölkənin cənub-qərbindəki Taiz əyalətində baş verən toqquşmalar zamanı 700-dən çox hərbçini əsir götürdüklərinə dair açıqlama yayıb.

Teleqraf xəbər verir ki, Husilərin nəzarətində olan SABA xəbər agentliyinin yaydığı məlumatda qeyd olunub: "Bu qarşıdurma zamanı silahlı qüvvələr Taizdəki cəbhə xəttində 700-dən çox hərbçini əsir götürə biliblər. Onların arasında onlarla zabit var".

12 oktyabrda husilər Taiz əyalətindəki bir neçə rayon üzərində nəzarəti ələ keçirdiklərini və hökumət qüvvələrini qovduqlarını elan etmişdi. Çərşənbə günü beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin silahlı qüvvələri "Yəmən Şəfəqi" əməliyyatı çərçivəsində təxminən 1250 yaraqlını zərərsizləşdirdiklərini və 460-dan çox düşmən texnikasını məhv etdiklərini bildirib.