BAKI, 22 avqust. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 55%-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) şirkəti hesablamalara əsasən məlumat yayıb.

Hazırda regionun anbarları 62% doludur. Bu, son beş ilin eyni tarixi üzrə orta göstəricidən 17 faiz bəndi azdır. Bir il əvvəl isə göstərici təxminən 75% təşkil edib.

Məlumata görə, qaz ehtiyatları isə tarixi minimum səviyyədədir. Hazırda Avropa İttifaqı ölkələrinin qaz anbarlarında təxminən 68 milyard kubmetr qaz var.

İyul ayında Aİ ölkələrinin anbarlarında qaz ehtiyatlarının artırılmasının orta tempi 2011-ci ildən bəri müşahidə olunan ən aşağı səviyyələrdən biri olub.

Bu templər nəzərə alınarsa, Avropa ənənəvi payız-qış mövsümünün başlanğıcına qədər qaz anbarlarını cəmi 70-75% doldura bilər. Bu isə tarixdə istilik mövsümünün başlanğıcı üçün ən aşağı göstərici olacaq.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il 1 oktyabr-1 dekabr tarixləri arasında qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. Anbarların doldurulması ilə bağlı çətin şərait yarandığı halda 10%-lik çeviklik tətbiq edilməsinə icazə verilir.