BAKI, 19 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən “Sverdlov” adına hərbi zavoda dronlarla zərbə endirib, hücumdan sonra müəssisədə yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Şahidlər sosial mediada kütləvi dron hücumunu və şəhərin üzərində sıx tüstünü əks etdirən görüntülər yayımlayıblar.

Mənbələr hadisənin partlayıcı maddələr zavodunun ərazisində baş verdiyini müəyyən ediblər.

“Y.M.Sverdlov” adına zavod Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisədir. Bu, strateji əhəmiyyətli müdafiə-kimya zavodu və Rusiyanın ən böyük partlayıcı maddə istehsalçılarından biridir. Müəssisənin 100 ildən çox tarixi var və ölkə sənayesi üçün böyük əhəmiyyət daşıyır.

Zavod 2023-cü ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilib. Bundan əvvəl isə ABŞ, Böyük Britaniya, Yaponiya və İsveçrənin sanksiyaları altında idi.