BAKI, 12 iyul. TELEQRAF

Rusiya Ukraynanın cəbhə xəttindən 100 kilometrədək dərinlikdə yerləşən mülki infrastruktur obyektlərinə hücumlarının sayını artıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey Beskrestnov feysbuk səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, mümkün sülh danışıqları yaxınlaşdıqca tərəflər mövqelərini gücləndirməyə çalışır və müharibə artıq əsasən uzaqmənzilli zərbələr mərhələsinə keçib.

Müşavir bildirib ki, Rusiya yanacaqdoldurma məntəqələri, poçt şöbələri, anbarlar, müəssisələr, dəmir yolu infrastrukturu, avtomobil yolları və elektrik yarımstansiyaları da daxil olmaqla cəbhədən 100 kilometrədək ərazidə yerləşən istənilən mülki obyekti hədəfə ala bilər.

Beskrestnov qeyd edib ki, hər iki tərəf bir-birinin infrastrukturuna zərbələr endirir, nəticədə insanlar həlak olur. Onun sözlərinə görə, Ukrayna bunu dayandırmaq istəyir, lakin Rusiya belə yanaşmanı davam etdirir.