BAKI, 11 iyul. TELEQRAF

Fransada anomal istilərlə əlaqədar Eyfel qülləsi, eləcə də Luvr və Orse muzeyləri bu gün və sabah iş saatlarını qısaldacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə sözügedən müəssisələrin rəsmi məlumatlarında bildirilib.

Məlumata görə, Eyfel qülləsi və Luvr muzeyi ziyarətçilər üçün saat 16:00-da bağlanacaq. Orse muzeyi isə fəaliyyətini saat 17:00-dək davam etdirəcək.

Daha gec saatlar üçün alınmış biletlərin dəyəri alıcılara avtomatik qaytarılacaq.

Fransanın milli meteorologiya xidməti "Météo-France"ın məlumatına görə, Parisdə havanın temperaturu 38 dərəcəyədək yüksələcək. Paytaxtla yanaşı daha 24 departamentdə isti hava ilə əlaqədar ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edilib.

Qeyd edək ki, Fransa iyunda uzunmüddətli anomal isti hava dalğası ilə üzləşmişdi. İyunun 17-dən etibarən iki həftə ərzində ölkədə bu ay üçün xarakterik olmayan yüksək temperatur qeydə alınmışdı. İyunun 23 və 24-də orta hava temperaturu 30 dərəcə təşkil etmiş, həmin günlər ölkədə meteoroloji müşahidələr tarixinin ən isti iyun günləri olmuşdu. Uzun sürən istilər fonunda ölkənin bir çox bölgəsində təbii yanğınlar da baş vermişdi.